تبليغاتX
تاریخی - تحلیلی - خبری درباره قاراباغ - ORTA ƏSRLƏR QARABAĞ ABİDƏLƏRİ
ORTA ƏSRLƏR QARABAĞ ABİDƏLƏRİ

Qasım Hacıyev, tarix elmləri doktoru


VII əsrin sonunda Azərbaycanın cənub hissəsi Ərəb Xəlifətinin tərkibinə daxil olmuşdur, şimal hissəsi isə onun itaətində idi. Ölkədə yeni din yayılmışdır – Islam. Əhalinin çox hissəsi bu dini qəbul etmiş, az hissəsi xristian dinini saxlamışdır. Yaranmış vəziyyətdən yararlanaraq, erməni katalikosu İlya xəlif Əbdulməlikə xəbər verir ki, guya Azərbaycanın xristian-albanları ona qarşı qiyama hazırlaşırlar və 705-ci ildə xəlif Alban Apostol Avtokefal kilsəsinin erməni qriqorian kilsəsinin tabeçiliyinə keçməsi haqqında əmr verir. Bundan sonra Qarabağın dağlıq hissəsində xristian-albanların deetnoslaşdırma, konfesional ermənilərin formalaşma prosesi başlamışdır.
Xüsusilə, ermənilərə aid edilən Qarabağ sakinləri haqqında V.L.Veliçko yazırdı: “...səhv olaraq (keçmişə nisbətən) erməni adlandırılan Qarabağ (Albaniya) sakinləri erməni-qriqorian dininə sitayiş etsələr belə, əsilləri dağlı və türk tayfalarından olmuşdur və yalnız 3-4 əsr bundan əvvəl erməniləşmişdilər”.
Yeri gəlmişkən, XIX əsrdə İran və Türkiyədən köçmüş ermənilərin Qarabağda məskunlaşmasının səbəblərindən biri Qarabağ əhalisinin bir qisminin xristian-alban olması idi.
Azərbaycanda islamın qəbulu ilə yeni dövr başlandı, ölkədə, o cümlədən Qarabağda, bütün xristian dini mərasimlərinə son qoyuldu. Yeni və mütərəqqi islam bütün yerli din və inanclardan üstün oldu. Bu iki faktorla əlaqədardır: birincisi, islam dərin mənəviyyata malik idi; ikincisi, Qarabağ beynəlxalq karvan ticarət yollarının mühüm mərkəzlərindən biri idi. Xəlifətin şimalda mərkəzi Qarabağ idi (Bərdə şəhəri). VIII əsrdən başlayaraq burada xristian memarlığının inkişafı dayanmış və tikililərin inşası yeni müsəlman şəhərsalma üslubuna uyğun davam etdirilirdi.
İslam tələblərinə uyğun yeni növ tikililərin əmələ gəlməsi əvvəllər formalaşmış memarlıq ənənələrinin inkişafına heç bir maneə törətməmişdir.
Tədqiqatlar göstərir ki, Azərbaycan şəhərlərində məscidlərlə yanaşı alban xristian məbədləri də qorunub saxlanmışdır. Bu haqda orta əsrlər ərəb və fars mənbələrində kifayət qədər məlumatlar vardır. Bu İslam dininin monoteist dinlərə rəğbəti hesabına mümkün idi və ona görə də, bu dinlərə aid olan abidələrə dəymirdilər. İkincisi, bu abidələr IV əsrdə xristianlığı və VII əsrin ortalarından islamı qəbul etmiş yerli xalqların maddi və mənəvi irsi idi. Bunun bariz nümünəsi Qarabağda qorunmuş alban xristian məbədləridir.
Xəlifətin həm Yaxın Şərqdə, həm də Azərbaycanda, o cümlədən Qarabağda, möhkəmlənməsi hesabına yeni üslubda şəhərlər və məscidlər kompleksi inşa olunurdu.
Qarabağda mədəniyyətin inkişafını izləyərək, aşkar edirik ki, arxeolojı qazıntıların nəticələri müxtəlif tikililərin yüksək bədii tərtibatını təsdiqləyir. Məsələn, kapitellərin künclərində qoyun başlarının təsviri, Laçında, Qubadlıda, Xankəndində, Şuşada, Ağdamda, Bərdədə tapılmış kolonnaların əsaslarının bədii tərtibatı. Bunların analoqlarına Azərbaycanın (Qəbələ, Mingəçevir, Təzəkənd, Şamaxı) digər abidələrində də rast gəlmək olar.
Qarabağdakı alban xristian ənənəsinin abidələri və onu əvəzləyən müsəlman növlü tikililər o dövrün inşaat mədəniyyəti, arxitektura formaları və incəsənəti arasındakı əlaqələri, həmçinin onların inkişaf ardıcıllığını izləmək imkanını verir. Tədqiqat göstərir ki, müsəlman dövrünün ideolojı ənənələrini saxlamış və avtoxtonların ənənələrini və milli xüsusiyyətlərini əks etdirən incəsənətin və arxitekturanın qarışması prosesi gedirdi.
Bu dövrdə quruluşca sadə, lakin həndəsi və bitki naxışlarla bədii bəzədilmış binalar inşa olunmuşdur. Beləliklə, orta əsrlərdə müəyyən inkişaf yolunu keçmiş islam mədəniyyətinin xüsusiyyətləri şəhər əhalisinin məişətində və şəhərsalma mədəniyyətində öz əksini tapmışdır.
Qarabağın şəhərləri – Ağdərə, Kəlbəcər, Xocavənd, Şuşa, Xankəndi, Tərtər, Füzuli, Cəbrayıl, Ağcabədi, Laçın, Qubadlı, Zəngilan - müsəlman dövründə meydana gəlmişdilər. Bu şəhərlərin quruluşunda milli-mənəvi və ideolojı təfəkkür tərzi inşa mədəniyyətində öz bədii əksini tapmışdır. Yeni milli-ideolojı xüsusiyyətlər evlərin və inzibati binaların interyerində özünü göstərirlər. Bu bütün Azərbaycanda, həmçinin Qarabağda, orta əsrlərdə inşa olunmuş memarlıq şedevləri ilə təsdiq olunur.
Ərəb mənbələri Bərdə şəhərində qırmızı kərpicdən tikilmiş gözəl evlərin və üstüörtülü bazarların mövcudluğunu qeyd edirlər. Əlavə etmək lazımdır ki, bu kimi tikililərə bütün müsəlman Şərqində rast gəlmək olar.
XI-XII əsrlərdə Şirvan-Abşeron və Naxçıvan-Marağa məktəblərinin memarlıq istiqamətlərinin geniş yayilması zamanı Qarabağ memarlıq məktəbi də fəaliyyət göstərirdi. Və bu orta əsr azərbaycan memarlığının inkişafını müəyyənləşdirdi. Bu dördə memarlıq və şəhərsalma, tədbiqi-dekorativ incəsənət inkişaf etməyə başladılar, epiqrafika abidələrinin sayı artdı. Qarabağ zonasında çoxu müsəlman dövrünə aid olan 2000–dən artıq müxtəlif tarixi və mədəni abidələr qeydə alınmışdır. Bunların arasında yaşayış evləri, ictimai binalar, həmçinin dini tikililər, ziyarət yerləri vardır.
Füzuli zonasında – Şeyx Yaqubun türbəsi (XII ə.), Qoç Əhməd kəndində Cümə məscidi, Əhmədəllər kəndində Hacı Ələsgər məscidi, Mir Əli məscidi (XIV ə.) və XIV əsrə aid olan məbədlər, şeyx İbrahimin (XVII ə.), Əhməd Sultan Cəlalın (XIX ə.) türbəsi, Horadizdə - cümə məscidi, Dağlıq Qarabağda – Əskərən qalası, Xankəndi türbəsi, Cəbrayıl rayonunda – “Qız qalası”, Ağdam zonasında – 12 bucaqlı məbəd Xaçın-Turbatlı kəndi yaxınlığında – Şahbulaq qalası, Şahbulaq məscidi, Ağdamın Cümə məscidi, Pənah-Əli xanın və onun nəslinin türbəsi, Abdal-Gülablı kəndində olan hamam (XX ə.), Bərdə rayonunda – Əhsədəm baba türbəsi (XIV), İmamzadə məscidi (XIX), Bəhmən Mirzə türbəsi; Şuşada – 8 bucaqlı türbə, Pənəhabad qalası (Şuşa), Natavanın evi, Mamayı məscidi, Məşədi Şükür Mirsiyab karvansaray məscidi, Culfalar məscidi, Hacı Yusifli, Saatlı, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa (XIX), Xan evi, gimnaziyanın binası; Laçın zonasınna – Qarasaqqal tikilisi, Soltan baba, Şeyx Əhməd, Sarı Aşıq (XV), Cimli və Quşçu kəndlərində - Uşaq qalası, Böyük bulaq (XV ə.); Ağcabədidə - Bayat qalası (XVIII ə.), Xəmsə Soltan sarayı – qiymətli tarixi və mədəni abidələrdir.
Bu abidələrin əksəriyyəti memorial tikililərin əsas növünü təşkil edirlər. Qarabağın çox hissəsinin erməni işğalı altında olduğu şəraitdə bu abidələrin çoxu məhv olub.


Ədəbiyyat.

1. Bunyatov Z.M. Azərbaycan VII-IX əsrlərdə. – Bakı, 1999, II t.
2. Əliyev İ.Q. Dağlıq Qarabağ (tarix, faktı, hadisələr) – Bakı, 1989, s. 27
3. Veliçko V.L. Kavkaz. – SPb, 1904, s.154
4. Bolşakov O.Q. Yaxın Şərqin orta əsr şəhəri (VII – XIII əsrin ortaları). – M., 1984, s.16
5. Azərbaycan incəsənəti. – Bakı, 1992, s.18
6. Məmmədov T.M. Qafqaz Albaniyası IV-VII əsrlərdə. – Bakı, Maarif, 1993, s. 62
7. Həmdullah Kazvini. Nüsxət əl-kulub. Tarix İnstitutunun arxivi, inv. № 4960
8. Buxaranın tarixi: qədim zamanlardan bizim günlərə qədər. – Daşkənd, 1981
9. Orta əsr İran mədəniyyətinin tarixi oçerki. – M., 1984, 263 s.
10. Nemət M.S. Zaqafqaziyanın epiqrafik abidələri (XI-XIX). – Bakı, 1972
11. Qarabağlı Rizvan. Memar Kərbalayı Səfixan Qarabağı.- Bakı, 1995
Qasım Hacıyev. Bərdə şəhərinin tarixi (b.e.ə. III - b.e.XVIII əsri). – Bakı,
+ نوشته شده در یکشنبه دهم خرداد 1388ساعت 13:54 توسط قاراباغ |